Bakı. İlhamə İsabalayeva - Trend:
Prezident İlham Əliyevin "AMEA Yüksək Texnologiyalar parkının yaradılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədi ilə Akademiyada vitse-prezident İbrahim Quliyevin sədrliyi ilə işçi qrupu yaradılıb.
Trend-in məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
İclasda çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, sənədin əsas məqsədi müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, eləcə də yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaqdır: "Yeni park elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq".
İclasda sərəncamın icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb.
İşçi qrupuna təkliflərin hazırlanaraq dekabrın 1-dək Akademiyanın Rəyasət heyətinə təqdim edilməsi tapşırılıb.