...

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 29 Dekabr 2016 15:43 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyində “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Təhsil Nazirliyində “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini C.Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron Təhsil" müsabiqəsinə ümumilikdə 6000-dən artıq layihə təqdim edilib.

Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin I mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunmuş 1220 layihə II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib. 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib.

III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib.

Müsabiqə “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar", Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.

Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti