...

Azərbaycana gətirilən cənazələr arasında yoluxucu xəstəliklərdən ölən olub? - Rəsmi cavab

Cəmiyyət Materials 15 Fevral 2017 11:22 (UTC +04:00)
Respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır.
Azərbaycana gətirilən cənazələr arasında yoluxucu xəstəliklərdən ölən olub? - Rəsmi cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub və cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov deyib.

Onun sözlərinə görə, yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır.

Y.Balışov bildirib ki, ötən il “donuz qripi” xəstəliyinə görə, epidemioloji vəziyyəti gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəlilər və temperaturu olan şəxslər barədə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən müfəttişliyə məlumatlar verilib.

Hesabat dövründə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarətli şəxs barədə məlumat verilib və ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində “donuz qripi” xəstəliyi qeydə alınmayıb. 28.06.2016-cı il tarixdə isə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbirlərin görülməsi üçün vaxtında Respublika QİCS-lə Mübarizə Mərkəzinə məlumat verilib:

"Gömrük-sərhəd məntəqələrində hansısa şəxsdə yoluxucu xəstəliyə şübhəli hal aşkar edilərsə, ərazi tibb müəssisəsindən müayinənin aparılması, diaqnozun təsdiqlənməsi üçün mütəxəssis çağırılır. Diaqnoz təqribən təsdiqlənərsə, xüsusi təyinatlı nəqliyyat vasitəsilə xəstə hospitalizə olunur və xəbər vermə sxeminə uyğun aidiyyatı təşkilatlara məlumat verilir. Ümumiyyətlə, belə hallarda gömrük-sərhəd keçidlərində profilaktik əks epidemik tədbirlər daha da gücləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti