Bakı. Trend:
"Sosial şəbəkələrin birində İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində guya meşələrin meşə işçisi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı təhrif olunmuş videogörüntü yayılıb. Həmin ərazi meşə fondu torpağı deyil, bələdiyyə ərazisidir. Videogörüntüdəki şəxsin isə meşə sisteminə heç bir aiddiyyatı yoxdur, o fermerdir".
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Nazirlik bildirir ki, Qaraqaşlı kənd sakinləri Kövsər Əhmədov və Seyid Seyidov tərəfindən İmişlidə meşələrin qanunsuz kəsilməsi ilə bağlı şikayət hələ cari il aprelin 9-da nazirliyə daxil olub və dərhal yerində araşdırılıb: "Araşdırma zamanı müəyyən edilib ki, birincisi, sözügedən ərazi meşə fondu deyil, İmişli rayon Qaraqaşlı bələdiyyəsinin mülkiyyətinə aiddir. İkincisi, kənd təsərrüfatı təyinatlı 75 hektarlıq bu torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinin 2005-ci il 21 fevral tarixli icarə müqaviləsi ilə əkinçilik məqsədləri üçün Qaraqaşlı kənd sakini Əfrayil Əsədova 30 il müddətinə icarəyə verilib və icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin çıxarış sənədi ilə rəsmiləşdirilib. Üçüncüsü, Əfrayil Əsədovun meşə sisteminə heç bir aidiyyəti yoxdur və o fermerdir".
Məlumatda həmçinin qeyd olunur ki, sözügedən ərazidə əvvəllər pambıq əkilib və uzun müddət istifadə edilmədiyinə görə sahəni yabanı yulğun kolları basıb: "Torpaq istifadəçisi kənd təsərrüfatı bitkiləri əkmək məqsədi ilə ərazini yulğun kollarından təmizləyib. Lakin kolların təmizlənməsinə dair icazə sənədi alınmadığına və yabanı yulğun kollarının qanunsuz təmizləndiyinə görə onun barəsində akt və protokol tərtib edilərək, ümumilikdə 4 220 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Toplanmış sənədlər ədalətli və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".
Nazirlik bildirir ki, bir neçə ay öncə nazirlik tərəfindən araşdırılaraq tədbir görülmüş köhnə məlumatın sosial şəbəkədə yeni məlumat kimi gündəmə gətirilməsi və reallığın təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılması yalnız şantajla məşğul olan reket saytların maraqlarına xidmət edir: "Reallıqdan xəbərsiz olan sosial şəbəkə izləyiciləri isə bilmədən bu reketçilərin “tor"una düşür, ədalətsiz və haqsız fikirlərə, təhqirlərə yol verərək şantajçıların dəyirmanına su tökmüş olurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı ekoloji qanun pozuntusu ilə bağlı faktlarla rastlaşdıqları zaman nazirliyin 168 nömrəli “Qaynar xətt”inə və ya rəsmi "facebook" səhifəsinə məlumat versinlər. ETSN zəmanət verir ki, daxil olan şikayət dərhal vətəndaşın öz iştirakı ilə yerində araşdırılacaq".