...

ADU-da ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2017 14:26 (UTC +04:00)
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub.
ADU-da ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub (FOTO)

Bakı. Trend:

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, rektor Kamal Abdulla və millət vəkili Məlahət İbrahimqızı mühazirə oxuyublar.

2017-2018-ci tədris ilində universitetə qəbul olan I kurs tələbələri ilə görüş keçirilib. Görüşdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi K.Abdulla tələbələri universitetə qəbul olmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra isə rektor ulu öndər Heydər Əliyev haqqında mühazirə oxuyub.

Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin banisi adlandıran K.Abdulla xatırladıb ki, ulu öndər hələ sovet vaxtlarından Azərbaycanın azadlığı haqqında düşünüb.

Heydər Əliyevin Sovet İttifaqı dövründə gördüyü işlər haqqında ətraflı söhbət açan rektor deyib ki, məhz onun sayəsində Azərbaycan ittifaq respublikaları arasında ön sıralarda idi: “Sovet dövründə ulu öndərin gördüyü ən mühüm işlərdən biri də Hüseyn Cavidin nəşinin doğulduğu torpağa gətirilməsi idi. Minlərlə adam repressiya olunub, güllələnib, Sibirdə basdırılıb və onlardan heç birinin nəşi doğulduğu torpağa gətirilməyib. Heydər Əliyevin bu addımı unkial idi”.

Üçrəngli Azərbaycan bayrağının ilk dəfə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə qaldırıldığını xatırladan rektor ölkəni ən ağır vəziyyətdən, parçalanmadan ulu öndərin xilas etdiyini bildirib: “Ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan bütün sahələrdə, istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Biz görürük ki, ölkəmiz günü gündən inkişaf edir, qüdrəti artır. Biz aprel döyüşləri zamanı da ölkəmizin hərbi qüdrətinin nə qədər artdığının bir daha şahidi olduq”.

Azərbaycanın multikultural ölkə olduğunu, Prezident İlham Əliyevin multikulturalizmlə bağlı sərəncam verdiyini diqqətə çatdıran K.Abdulla ulu öndərin ölkəmizdə yaşayan xalqlar, etnik qruplarla bağlı sərəncamlar imzaladığını bildirib: “Ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlar, sənədlərlə ölkədəki multikultural mühitin həddindən artıq yaxşılaşmasına çox böyük töhfə verdi”.

Heydər Əliyevin səyi ilə “Əsrin müqaviləsi”nin imzalanmasından danışan K.Abdulla həmin tarixi gündən sonra Azərbaycanın dünyadakı mövqeyinin kifayət qədər möhkəmləndiyini söyləyib: “Dünən “Əsrin müqaviləsi” daha 50 il uzadıldı. Özü də Azərbaycan üçün daha sərfəli şərtlərlə. Bu tarixi addım, tədbir Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsinə yeni töhfələrini verəcək”.

Heydər Əliyevin “Gənclər mənim sizə əmanətimdir” sözlərini xatırladan K.Abdulla deyib ki, o, ulu öndərin əmanətinə həmişə sadiq qalmağa çalışıb.

I kurs tələbələri ilə növbəti görüş universitetin əsas binasında keçirilib. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi K.Abdullanın, eləcə də öz adından universitetə qəbul olan I kurs tələbələrini təbrik edib, yola çıxdıqları bu şərəfli işdə onlara uğurlar arzulayıb. Ə.Abdullayev tələbələrə universitet seçimində yanılmadıqlarını bildirib. Belə ki, o, ADU-nu Azərbaycanın ali təhsil sistemində öz dəst-xətti və dəyərləri olan universitetlərdən biri kimi xarakterizə edib.

Ə.Abdullayev tələbələrə tədris prosesi və Bolonya sistemi haqqında ətraflı məlumat verib. O, yeni tədris ilində ADU-ya bakalavriat üzrə 1341 nəfər tələbə qəbul olunduğunu və onların topladıqları orta balın 457,5 olduğunu qeyd edib. O, Təhsil naziri Mikayıl Cabbarovun 2017-2018-ci tədris ilini “Keyfiyyət ili” adlandırdığını vurğulayıb.

Sonra Ə.Abdullayev I kurs tələbələrinin ilk dərslərinin Azərbaycan Respublikasının qurucusu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevə həsr olunduğunu bildirib və bunun üçün sözü millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri M.İbrahimqızına verib.

M.İbrahimqızı öncə yeni tədris ilinin başlanması münasibəti ilə təbriklərini çatdırıb. Sonra ADU-da çox gözəl bir ənənənin əsasının qoyulduğunu bildirib və ilk dərsin Çağdaş dövlətimizin qurucusu Heydər Əliyev ideyalarına həsr olunduğunu deyib. Bu dərsin vacibliyini vurğulan millət vəkili müstəqil dövlətin tələbəsi, gənci, vətəndaşı olmaq və öz ərazisi olan dövlətdə yaşamağın çox böyük xoşbəxtlik olduğunu vurğulayıb. O, tələbələrə elm, təhsil, biliyə yiyələnməyin və dövlətimizin keşiyində durmağın zəruriliyini söyləyib.

Millət vəkili Heydər Əliyevin bir millətin gələcəkdə bir müstəqil dövlət kimi yaşamasını təmin edən 2 vacib kriteriyanı - dil və dini hər zaman düşündüyünü bildirib. O, ulu öndərin Azərbaycan dilinin dövlət dili kimi mövcud olmasına nail olduğunu diqqətə çatdırıb.

“Heydər Əliyev sovet dönəmində Azərbaycanın milli dəyərlərinin qorunması üçün ən çətin anlarda Nəsiminin və onun müəllimi Nəiminin Azərbaycan xalqının qan yaddaşından gündəlik yaddaşına hopması üçün Nəsiminin yubileyini dəfələrlə keçirib. N.Gəncəvi, M.Füzuli, Dədə Qorqud və Ü.Hacıbəyov kimi dahi şəxsiyyətlərin SSRİ miqyasında, eləcə də UNESCO miqyasında yubileylərini qeyd etməklə Azərbaycan xalqını dünyaya tanıtdırıb”.

M.İbrahimqızı Ümummilli liderin SSRİ dönəmində Azərbaycan gənclərinin nüfuzlu universitetlərdə dövlət hesabına təhsil almasına nail olduğunu da diqqətə çatdırıb.

Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti