...

BANM və İtaliyanın Maire Tecnimont Group şirkəti arasında əməkdaşlıq genişlənir

Cəmiyyət Materials 25 Oktyabr 2017 11:36 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi və İtaliyanın Maire Tecnimont Group şirkəti arasında əməkdaşlıq genişlənir.
BANM və İtaliyanın Maire Tecnimont Group şirkəti arasında əməkdaşlıq genişlənir

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkəti ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu münasibətlə BANM-də tərəflər arasında olan İnkişaf Proqramının II mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Masari, Maire Tecnimont Group-un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Elmar Qasımov qonaqları və tədbir iştirakçılarını salamlayıb və daha sonra Kinetics Technology şirkəti ilə olan əməkdaşlığın BANM və onun tələbələri üçün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ötən ilki uğurlu əməkdaşlığın nəticəsi olaraq BANM-in artıq 2 məzunu Kinetics Technology şirkətində çalışır, 4 nəfər isə bu il istehsalat təcrübə proqramı keçmək üçün seçiliblər.

Daha sonra səfir və Cianni Bardazzi Maire Tecnimont Group və BANM-in birgə layihəsi haqda öz fikirlərini bildirib və onlara ünvanlanan sualları cavablandırıblar.

Tədbir zamanı Kinetics Tecnology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və kadrlar üzrə mütəxəssis Aida Bəşirova iştirakçılara şirkətin fəaliyyətindən bəhs edən təqdimat ediblər.

BANM-in məzunları, hazırda Kinetics Technology şirkətinin əməkdaşları olan Riyad Baxşıyev və Sənan İbrahimov tədbirdə çıxış edərək keçdikləri təcrübə proqramlarından bəhs edib və BANM tərəfindən onlara göstərilən dəstəyə görə rektora öz təşəkkürlərini bildiriblər. Növbəti çıxış BANM-in Kinetics Technology şirkətində bu il təcrübə istehsalat proqramı keçəcək tələbələri Həcər Hidayətqızı və Zərifə Orucovaya aid olub.

Tədbirin sonunda Elmar Qasımov səfir Avqusto Masari və vitse-prezident Cianni Bardazziyə BANM-in Fəxri qonağı plaketini təqdim edib.

Qeyd edək ki, BANM-in 4-cü və 5-ci kursları üçün nəzərdə tutulan bu proqram BANM və İtaliyanın Maire Tecnimont Group şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti