...

Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2017 18:30 (UTC +04:00)
Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli alim, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin dekanı və kafedra müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Bildirib ki, o, halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. Rektorun sözlərindən məlum olub ki, Vasim Məmmədəliyev İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında böyük xidmətlər göstərib, “Qurani-Kərimi”i doğma dilimizə tərcümə edib. Böyük alim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərib, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab edib. Universitetdə elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi məhz onun insani xüsusiyyətlərindən irəli gəlir. Vasim Məmmədəliyevi universitetin sütunlarından hesab edən rektor onun BDU-dan elmin zirvələrinə ucaldığını, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü, AMEA-nın həqiqi üzv seçildiyini xatırladıb. Nitqinin sonunda rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetində Vasim Məmmədəliyev kimi dünya şöhrətli alimin, ziyalının çalışmasından qürur hissi keçirdiyini deyib.

Sonra Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun “Mənalı alim ömrü” adlı məruzəsi dinlənilib. O, akademikin həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edib, əsərləri, yetirmələri, İslam dininə verdiyi töhfələrdən danışıb.

Elmi-praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputat Rəfail Hüseynov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Aviasiya Akademiyasının kafedra müdiri Nəriman Həsənzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev çıxış edərək yubilyarı təbrik ediblər.

Çıxışlarda görkəmli şərqşünasın yüzlərlə elmi əsərindən, bütün dünya şərqşünaslarının istifadə etdikləri kitablarından bəhs edilib, alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr olunan, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair məqalələrinin onun yüksək elmi potensialının, hərtərəfli intellektinin parlaq nümunəsi olmasından danışılıb.

Xalq artisti Mənsum İbrahimov möhtəşəm ifaları ilə yubiley tədbirinə rəng qatıb.

Sonda çıxış edən akademik Vasim Məmmədəliyev tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eyni zamanda, bütün toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti