...

Dövlət Komitəsi: Azərbaycanda din sahəsində təhdid cəhdləri var

Cəmiyyət Materials 27 Noyabr 2017 12:10 (UTC +04:00)
Azərbaycan üçün din-media münasibətləri həmişə aktual məsələ olub və bu gün də aktual məsələdir.
Dövlət Komitəsi: Azərbaycanda din sahəsində təhdid cəhdləri var

Quba. Elçin Mehdiyev – Trend:

Azərbaycan üçün din-media münasibətləri həmişə aktual məsələ olub və bu gün də aktual məsələdir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDQ) sədr müavini Gündüz İsmayılov DQİDK, Mətbuat Şurası və Qafqaz Müsəlmanları İdarəsinin Qubada təşkil etdiyi “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda keçirilən konfransda deyib.

G.İsmayılov bildirib ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizmə qarşı mübarizədə və milli dəyərlərimizin təbliğində mətbuatın böyük rolu var.

Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanda din sahəsində təhdid cəhdləri var idi, bu cəhdlərin qarşısının alınmasında media da mühüm rol oynayıb: “Suriya və İraqda baş verən hadisələrin Azərbaycanda proyeksiyasına cəhdlər var idi. Media bu cəhdlərə qarşı ən mühüm sipərlərdən biri oldu və bu cəhdlər reallaşmadı. Təəssüf ki, bu gün din sahəsində təhdid cəhdləri mövcuddur”.

G.İsmayılovun sözlərinə görə, bu təhdidlərdən biri odur ki, bəzi dini dairələr Azərbaycanda Aşura mərasimlərini başqa ölkələrin, başqa xalqların ənənələrinə uyğun keçirməyə cəhd edirlər:

“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementləri qatmaq istəyən dairələr var. Hətta Azərbaycanda Aşura mərasimlərinin yarı hərbi formada keçirilməsinə cəhd edənlər var. Aşura məktəbi şəhadət məktəbidir, siyasət məktəbi deyil. Digər dini təhdidlərdən biri də odur ki, din pərdəsi altında Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyini qarşı-qarşıya qoymağa çalışırlar. İslamın azərbaycançılığa qarşı qoyulmasına cəhd edilir. Digər bir təhdid isə din pərdəsi altında dinin siyasiləşdirilməsinə cəhdlərin olmasıdır. Azərbaycan mətbuatı, ziyalıları həmişə dinin siyasiləşdirilməsinə qarşı olub. Həmçinin, din pərdəsi altında dünyəviliyə qarşı təbliğat aparılmasına cəhdlər göstərilir. Amma bunlar sağlam dindarlar deyil, bir qrup dindarlardır ki, onlar da İslamın adından çıxış edə bilməzlər. Bununla yanaşı, həm də Azərbaycanda məzhəbçiliyi yaymağa çalışan qüvvələr var. Azərbaycan cəmiyyəti bütün dövrlərdə bu qrupların qarşısına şiə, sünni deyil, müsəlman kimi çıxıblar. Bundan sonra da onların qarşısına müsəlman kimi çıxacağıq. Azərbaycan xalqı bütün dövrlərdə məzhəbçilikdən uzaq olub, məzhəbçiliyə qarşı ən böyük mübarizəni də mətbuat aparıb”.

G.İsmayılov vurğulayıb ki, Azərbaycan xalqı tarixən multikultural dəyərlər, tolerantlıq nümayiş etdirib: “Tarixən də buna qarşı din pərdəsi altında çıxan qruplar olub. Din pərdəsi altnda qadının sosiallaşmasına qarşı çıxanlar da var. Digər bir təhdid isə odur ki, bəzi dini qruplar məqsədli şəklidə dünyəvi təhsilə qarşı çıxırlar. Təəssüf ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə də öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük də əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu onu deməyə əsas verir ki, bu dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ media formalaşdırmağa çalışırlar və bu media qurumları da xaricdən idarə olunur. Biz həmişə bu cür xəbər portallarına qarşı mübarizə aparırıq. Qeyd etdiyim bütün bu dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə medianın dəstəyinə güvənirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti