...

Gənc alimlər bəyannamə qəbul etdilər

Cəmiyyət Materials 15 Dekabr 2017 14:07 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.
Gənc alimlər bəyannamə qəbul etdilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.

Trend-in məlumatına görə, qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ərzində elmin inkişafı sahəsində görülən işlərdən danışıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu səsləndirilib.

Qurultayda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb: "Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi artıq 5 ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. 5 il ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadalarda iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər".

Nazir həmçinin, rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli "İdeya var!" müsabiqəsi haqqında da məlumat verib. Bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksək ixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb.

XXI əsrin milli təhsil quruculuğunun "yol xəritəsi" sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan C.Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.

Natiq 2014-cü ildə SABAH qruplarının yaradılmasının, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edilməsinin, tələbələrə uzun müddətli güzəştli kreditlər verilməsinin onların təhsil alma imkanlarının genişləndirilməsi məqsədilə atılan addımlardan olduğunu deyib.

Sonra Azərbaycan gənc alimlərinin I qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti