Bakı. Trend:
Avstraliyanın Sidney şəhərində Novruz bayramı təntənəli şəkildə qeyd olunub.
Trend-in məlumatına görə, Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Sidney, Pert, Melburn şəhərlərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Şənlikdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva tədbir iştirakçılarını salamlayaraq Novruz ənənələrindən, bu bayramın qədim tarixindən, onun birlik fəlsəfəsindən danışaraq həmyerlilərimizin bayram şənliyini birgə keçirməsini alqışlayıb. Fəxri konsul tədbirə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.
Tədbir Azərbaycan musiqisi və rəqslərin ifası ilə, Azərbaycan mətbəxinin ləziz təamlarının təqdim olunduğu ziyafətlə davam edib. Tədbir iştirakçıları onlara belə gözəl anlar yaşadan təşkilatçılara təşəkkür ediblər.