Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan rəhbər vəzifələr üzrə (A növü) və inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 7 aprel saat 18:00‑dək davam edəcək.
DİM-dən Trend-ə verilən məlumata görə. 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 279 vakant icraçı vəzifələri üzrə 6 aprel saat 11:00-dək olan məlumata əsasən, 206 müraciət qeydə alınıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.
İnzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan rəhbər vəzifələr üzrə (A növü) müsahibə elan və müsabiqə vəziyyəti ilə isə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.
Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.