Bakı. Əli Mustafayev - Trend:
Bakı turistlərin laqeyd qala bilməyəcəyi Formula 1 yarışlarının keçirilməsi üçün gözəl yerdir.
Bunu Trend-ə Bakıda Formula 1 yarışlarını izləyən rusiyalı turist Andrey Matsievski deyib.
O, Bakıya ilk dəfə gəldiyini bildirib: "Bakı öz qonaqlarını mehriban qarşılayan səmimi, möhtəşəm şəhərdir. Qonaqpərvərlik və gülərüzlülük burada bizi aeroportda qeydiyyat məntəqəsindən müşayiət edir. Biz həm Formula 1 yarışlarını izləyərkən, həm də şəhərdə gəzinti zamanı özümüzü rahat hiss edirik. Bakı çox xoşumuza gəlir və ümid edirəm ki, bura dəfələrlə gələcəyik".
Turist qeyd edib ki, təşkilatçılar Formula 1-in keçirilməsinə yüksək peşəkarlıqla yanaşıblar: "Mən, əlbəttə, ekspert deyiləm, lakin turist və Formula 1 həvəskarı kimi deyə bilərəm ki, yürüş və əyləncə proqramı çox yüksək səviyyədə təşkil olunub. Bu da turistlərin cəlb edilməsi baxımından çox vacibdir".
Qeyd edək ki, aprelin 27-dən Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi keçirilir.