...

Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın 95-ci ildönümü qeyd edilib

Cəmiyyət Materials 3 May 2018 07:29 (UTC +04:00)
Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş toplantı keçirilib.
Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın 95-ci ildönümü qeyd edilib

Bakı. Trend:

Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş toplantı keçirilib.

Aparatdan Trend-ə verilən məlumata görə, toplantıda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.

Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin zəngin həyatı və tarixi xidmətləri onun fenomenal şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Belə ki, bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilmiş, insan hüquq və azadlıqları sahəsində real addımlar atılmış, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanmışdı.

Bu il Milli Qurtuluş günü kimi qeyd etdiyimiz, ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıtmasının 25-ci ildönümü olduğunu nəzərə çatdıran Müvəkkil vurğulayıb ki, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqları təmin olunub, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, ulu öndər tarix yaradan dahi şəxsiyyətlərdəndir, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaradıb. Habelə beynəlxalq aləmdə ölkəmizin maraqları və Dağlıq Qarabağ münaqişəsinin həlli onun diqqət yetirdiyi ən prioritet məsələlərdən olub.

Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik, layihənin ictimaiyyətin geniş müzakirəsi və iştirakçılığı ilə qəbul edilmiş bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndərin hakimiyyəti zamanı insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulmuş, hüquqların təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur.

Heydər Əliyevin 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində geniş islahatların özülünü qoymuş ən mühüm strateji sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunmuşdur.

Vurğulanıb ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində böyük dönüş nöqtəsi oldu.

Tədbirdə Müvəkkil xalqımızın tarixində xüsusi yer tutan, qayğıkeş ana, sadiq həyat yoldaşı, tanınmış həkim, görkəmli alim, pedaqoq və ictimai xadim kimi mənalı yol keçmiş Zərifə xanım Əliyevanın həyatı haqqında geniş məlumat verib, onun tibb elmi və səhiyyə sahəsindəki çoxşaxəli, səmərəli fəaliyyətinin, Azərbaycanda o zaman geniş yayılmış traxoma xəstəliyinin kökünün kəsilməsində nailiyyətləri dövlətimiz tərəfindən öz layiqli qiymətini aldığını, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinin nəticələrinə görə professor, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanımın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini, onun fəaliyyətinə daim yüksək qiymət verildiyini, bir sıra orden və medallarla təltif olunduğunu, Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü bildirib.

Həmçinin bildirilib ki, ümummilli liderin məqsədyönlü siyasətini Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti