Bakı. İlhamə İsabalayeva - Trend:
Arıçılıq Məhsullarının 19-cu Satış-Sərgi Yarmarkasına təqdim olunan 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib. İnsan amilinin olmaması üçün nümunələr kodlaşdırılmış şəkildə götürülüb, keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.
Q.Əbdüləliyev əlavə edib ki, arıçılıq məhsullarından götürülən və ekspertizadan keçirilən 3974 nümunənin 900-ə yaxını keyfiyyət tələblərinə cavab verməyib.
Q.Əbdüləliyev məhsulları keyfiyyət tələblərinə cavab verməyən arıçıların təsərrüfatlarına baxış keçiriləcəyini və onların fəaliyyətinin təhlil ediləcəyini də söyləyib.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri B.Həsrətov qeyd edib ki, daha keyfiyyətsiz arıçılıq məhsulları əsasən Daşkəsən və Astara rayonlarından daxil olur.