Bakı. Samir Əli - Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində MDB məkanı ölkələrinin “Metro” Beynəlxalq Assosiasiyasına üzv metropolitenlər və müəssisələrin baş mühəndislərinin texniki şurasının yığıncağı keçirilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, "ES- Servis" QSC və Peterburq Metropoliteninin bazasında təşkil edilmiş müşavirədə “Bakı Metropoliteni” QSC-ni istismar üzrə baş mühəndis Əlixan Osmanov təmsil edib.
Tədbirin əsas mövzusu müasir metro vaqonları və eskalator kompleksləri olub. Tədbirdə eskalatorların hazırlanması və istehsalı, elektrik mühərriklərinin yeni layihələri, təhlükəsizlik qaydaları, həmçinin digər norma və qaydalara edilən dəyişikliklər də müzakirə olunub.
Müşavirə iştirakçıları "ES- Servis" QSC-nin, "Çerqos" ASC-nin istehsalat sahələri, Peterburq metropoliteninin yeni stansiyaları və innovativ avadanlıqlarla tanış olublar.
“Bakı Metropoliteni” QSC-ni istismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib ki, müşavirə iştirakçılarının baş çəkdiyi Peterburq metrosunun bu il istifadəyə verilmiş 5 yeni stansiyası (“Şuşarı”, "Novokrestovskaya", "Beqovaya", "Dunayski prospekt" və "Prospekt Slavı”) texnoloji innovasiyaların tətbiqi baxımından Bakı metropoliteninin Bənövşəyi xəttinin 2 stansiyası ilə eynilik təşkil edir.
Bakı Metropolitenindən sonra sankt-peterburqlular da çoxfunksiyalı diaqnostika kompleksini istismara veriblər. Əlixan Osmanov bu kompleksin funksional cəhətdən və təchizat baxımından Bakı Metropolitenində istifadə olunandan xeyli geri qaldığını deyir: "Bizim kompleks funksional imkanları baxımından Sankt-Peterburqdakı analoqundan ən azı 2 dəfə öndədir”.
Müşavirə iştirakçılarına təkər cütlərinin vaqonun altından çıxarılmadan yonulması, qatarların park yollarında döndərilməsi üçün istifadə edilən qurğu, yeni stansiyalarda quraşdırılan platforma qapıları da (PSD) nümayiş etdirilib.
Ümumiyyətlə, Əlixan Osmanov Sankt-Peterburq, eləcə də MDB məkanına daxil olan şəhərlərin yeraltı nəqliyyat müəssisələrində mühəndis fikrinin səviyyəsinə görə Bakı Metropoliteninin çoxlarından üstün olduğunu oktyabrın əvvəlində “Metro” Beynəlxalq Assosiasiyası üzvlərinin işarəvermə və rabitə mütəxəssislərinin Bakı müşavirəsində bir daha öz təsdiqini tapdığını vurğulayır. Peterburq müşavirəsi zamanı Bakı Metropoliteni rəhbərliyinin həm təşkilatçılıq, həm də bu müşavirələrə, təcrübə mübadiləsinə verdiyi önəm, ən əsası, innovasiyaların tətbiqi baxımından əks-səda doğuran layihələri dəfələrlə xatırlanıb.