Bakı. Trend:
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyilə Braziliya Universitetinin professoru xanım Leila Bijosun müəllifi olduğu “Azərbaycanın dövlət siyasətində multikulturalizmin rolu” mövzusunda ingilis və portuqal dillərində kitab nəşr olunub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.
Kitabda Azərbaycanın multikulturalizm ənənələrinin tarixi kökləri barədə məlumat verilir, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə sülh və dostluq şəraitində yaşaması haqqında nümunələr göstərilir, Azərbaycanda multikulturalizmlə bağlı həyata keçirilən dövlət siyasəti və qanunvericilik bazası təsvir olunur. Kitabda Azərbaycanın ev sahibliyi etdiyi multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı beynəlxalq səviyyəli tədbirlərin əhəmiyyəti haqqında danışılır.
Kitabda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Müəllif Azərbaycanın təbliğ etdiyi multikulturalizm ideyalarının ölkə daxilində, o cümlədən regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edir, buna baxmayaraq qonşu Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını sülhə və təhlükəsizliyə təhdid kimi qiymətləndirir.
Braziliyadakı səfirlikdə kitabın təqdimatı keçirilib. Tədbirdə parlament üzvləri, Xarici Əlaqələr Nazirliyinin, diplomatik korpusun əməkdaşları və KİV nümayəndəri iştirak edib.