...

Vyanada Xocalıya Ədalət adlı sərgi keçrilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2019 11:11 (UTC +04:00)
Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Avstriya Respublikasının paytaxtı Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib
Vyanada Xocalıya Ədalət adlı sərgi keçrilib (FOTO)

Bakı. Trend:

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Avstriya Respublikasının paytaxtı Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırıma hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utanc verici bir ləkədir: "Tarix heç bir hadisəni unutmur və mən inanıram ki, Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzalarını alacaq".

Tədbir yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi ilə başlayıb.

Tamaşaçılar soyuq qış günündə Xocalı sakinlərinin o gecə gördüklərindən bəhs edən filmə baxdıqca erməni vandaliziminin bir daha şahidi oldular. Tədbirdə bəşəriyyət tarixində belə hadisələrin bir daha təkrarlanmaması üçün Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən bəhs edilməsindən söz açılıb.

Tədbirdə yerli və xarici qonaqlar, o cümlədən media nümayəndələri də iştirak edib.

Tədbir zamanı Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına həsr olunmuş 25 əsəri sərgilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti