...

Deputat: Əlillik dərəcəsi almaq üçün xəstənin stasionar müəssisədə uzun müddət yatması ilə bağlı tələbə yenidən baxılmalıdır (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Mart 2019 16:38 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda vərəmli xəstələrə sosial dəstəyin olması vərəmlə bağlı göstəricilərin azalmasına və bu xəstələrin sayının getdikcə sıfıra yaxınlaşmasına kömək edər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə deyib.

İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir:

"Son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”.

H.Qədirova bildirib ki, vərəmlə bağlı laboratoriayaların sayı artmalıdır:

“Bundan başqa, hazırda icbari tibbi sığortaya keçilir. Amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil. Digər tərəfdən, bu sahədə işləyən həkimlərin, orta tibb işçilərinin maaşlarının artırılması vacibdir. Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi ən azı 6 ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır! Əgər həkimin hansısa maddi marağı olsa, bizdə hansısa göstəricilər düzələcək”.

H.Qədirova əlavə edib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır:

“Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım verilirdi, amma sonradan bu layihə dayandırıldı".

Mütəxəssis qeyd edib ki, vərəmli xəstələrin uzun müddət stasionar müəssisədə yatmasına ehtiyac olmasa da, əlillik dərəcəsi almaq üçün onlar yatmalı olurlar: “Belə bir anlaşmazlığa görə xəstələr çalışırlar ki, uzun müddət stasionar müəssisələrdə yatsınlar. Halbuki buna heç ehtiyac yoxdur, çünki onlar ev şəraitində müalicələrini davam etdirə bilərlər. Bu məsələnin həll edilməsi yaxşı olardı”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da qeyd edib ki, əlillik dərəcəsi almaq üçün şəxsin stasionar müəssisədə uzun müddət yatması ilə bağlı tələbə yenidən baxılmalıdır.

"Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda yalnız vərəm deyil, digər xəstəliklərlə də bağlı əlilliyin təyin edilməsi üçün uzunmüddətli stasionar müalicə alınması tələbi irəli sürülür:

“Əlilik dərəcəsi almaq üçün xəstənin uzun müddət xəstəxanada yatması onun özü üçün mənəvi zərbədir. Bu məsələ hansı qanunvericilik aktı ilə tənzimlənir? Necə etmək lazımdır ki, bu qəbildən şikayətlər olmasın?”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirov isə deyib ki, təkliflər nəzərə alınaraq baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti