Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il yayda havanın temperaturu çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 1-2 dərəcə yüksək olub. Bunun səbəbi cənub istiqamətli hava kütlələrinin ölkə ərazisinə daha çox daxil olması ilə izah olunur.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, belə hava kütlələri Azərbaycana daha çox Şimali Afrikadan, Ərəbistandan, Mərkəzi Asiyadan və Aralıq dənizi üzərindən daxil olur.
İnstitutun direktor müavini qeyd edib ki, ümumilikdə ötən yaya nisbətən bu il yayda normadan yüksək temperaturların qeydə alındığı günlərin sayı çox olsa da, sərin keçən günlərin də sayı artıq olub:
“Elə günlər oldu ki, hava sərin keçdi, amma ardıcıl isti günlər də qeydə alındı ki, havanın temperaturu normadan yüksək oldu. Bu il ölkəmizə daxil olan hava kütləsinin temperaturu yüksək olub. Buna görə ayrı-ayrı günlərdə temperatur normadan yüksək qeydə alındı”.
M.Həsənov əlavə edib ki, bu il ölkədə sentyabrın birinci ongünlüyü üçün xarakterik olan hava şəraiti müşahidə edilir.
Onun sözlərinə görə, bəzi illərdə sentyabr ayında bu ildəkindən də aşağı temperatur qeydə alınıb.
Alim hazırda havanın sərin keçməsinin səbəbini Atlantik okeanı üzərindəki hava kütlələrinin Qərbi və Şərqi Avropadan keçib Azərbaycana çatması ilə əlaqələndirib:
“Ancaq bu, o qədər də davamlı proses deyil və yayın sonu, payızın əvvəli üçün səciyyəvi bir haldır. Hazırda havanın temperaturu iqlim normasına yaxındır. Yağıntıların miqdarı bəzi ərazilərimizdə bir qədər artıq müşahidə edilir. Bu da keçid fəsli üçün səciyyəvi haldır”.