Bakı. İlhamə İsabalayeva - Trend:
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydası”nı təsdiq edib.
Trend-in məlumatına görə, qaydaya əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.
Dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilir.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçiriləcəyi istiqamətlər müyəssərlik (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu), inklüzivlik (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi), əlilliyə görə ayrı-seçkilik (əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina), ağlabatan uyğunlaşmadır (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi).
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi ildə 1 dəfə həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi başlandığı tarixdən etibarən 3 aydan çox davam edə bilməz.
Dövlət monitorinqinin nəticələri ƏƏSMN tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, müvafiq qərarın qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim edilir.