...

UFAZ-da Anlaşma Memorandumu imzalanacaq

Cəmiyyət Materials 14 Yanvar 2020 10:21 (UTC +04:00)
UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir.
UFAZ-da Anlaşma Memorandumu imzalanacaq

Bakı. Trend:

Yanvarın 15-də Azərbaycan-Fransız Universitetində (UFAZ) "Total E&P Absheron" şirkəti– Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra) - UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanacaq.

Trend-ə Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, görüşdə eyni zamanda "Total E&P Absheron" şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanacaq.

Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, "Total E&P Absheron" şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayacaq.

Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir.

UFAZ ilə Paşa Bank arasında da tələbələrin bankın təcrübə proqramında iştirak etmələri və məzun olduqdan sonra öz karyeralarını burada davam etdirmələri üçün müxtəlif görüşlər keçirilib. Belə ki, 2019-cu il sentyabrın 17-də UFAZ-ın Kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri “UFAZ Karyera Günləri” çərçivəsində ilk dəfə Paşa Bankın Rəqəmsal laboratoriyasında olub. Mütəmadi olaraq UFAZ-da qonaq olan Paşa Bank-ın “Digital Lab” komandası tələbələrlə yüksək rəqabət qabiliyyətli IT əmək bazarında davranış bacarıqlarının əhəmiyyəti və bugünün tendensiyaları kimi mövzularda interaktiv görüşlər keçirib.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti