...

Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik

Cəmiyyət Materials 12 Avqust 2020 16:56 (UTC +04:00)

Bakı. Trend:

Operativ Qərargahın avqustun 5-dən karantin rejiminin yumşaldılması ilə bağlı qərarını şərtləndirən əsas amil koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə müşahidə olunan stabilləşmə oldu. Həmin müddətdə gündəlik statistik rəqəmlər yoluxanların sayında azalmanı, müalicə olunub əvvəlki həyatlarına qayıdanların sayında isə artımı təsdiqlədi. Bu yumşalmaların, xüsusilə SMS icazənin ləğvinin, çimərliklərin fəliyyətinin bərpasının müsbət dinamikanın davam etdirilməsinə nə kimi təsir göstərəcəyi hazırda günümüzün əsas müzakirə mövzuları sırasındadır. Bu baxımdan ki, ötən dəfə bəzi insanların yumşalmanı koronavirusun yoxa çıxması kimi qəbul etməsi müsbət dinamikanın zəifləməsinə, yəni yoluxanların sayının artmasına səbəb oldu. Məhz arxayınlaşmanın yaratdığı fəsadlar karantin rejiminin növbəti dəfə sərtləşdirilməsini, cərimələrin tətbiqini zərurətə çevirdi. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən Azərbaycanın tətbiq etdiyi təcrübə beynəlxalq səviyyədə təqdir olundu. Ölkəmiz bu mübarizədə özünütəcridi əsas amil kimi önə çəkərək vətəndaş məsuliyyətinin artırılmasını bir tələb kimi qarşıya qoydu. Dövlətimizin uğurlu addımları ilk gündən bu proqnozu səsləndirməyə əsas verdi ki, Azərbaycan hər bir ölkə üçün sınaq kimi dəyərləndirilən koronavirusdan sonadək az itki ilə çıxacaq, postpandemiya dövründə yeni iqtisadi model tətbiq ediləcək, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində yaranmış çətinliklər qısa zamanda aradan qalxacaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi öz prioritetliyini qoruyacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib. V.Rəhimzadə qeyd edib ki, koronavirusa yoluxmanın azaldılması, ümumiyyətlə, xəstəliyin coğrafiyasının genişlənməməsi üçün tətbiq olunan qaydalar o qədər də çətin deyil- Məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Sağlamlığımızı qorumaq istəyiriksə, bu tələblərə yüksək səviyyədə əməl etməliyik:

"Sevindirici haldır ki, artıq son günlər yoluxanların sayında azalmalar davamlı xarakter alıb. Sayın ikirəqəmli ədədlə ifadə olunması yenə də arxayınlıq yaratmamalı, tələb olunan qaydalar arasında sosial məsafənin gözlənilməsini önə çəkməlidir. Bu baxımdan ki, hazırda çimərlik mövsümüdür, insanların bu ərazilərdə daha çoxluq təşkil edir. Mövcud sıxlıq həyacan təbilinin çalınmasına rəvac verməyə bilməz".

"Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa müraciətlərində də daim bu inam ifadə edilir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək» söyləyən baş redaktor bildirib ki, məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə koronavirusa qalib gəlmək, xoş əhval-ruhiyyə ilə əvvəlki həyata qayıtmaq mümkündür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, karantin rejimi hamını yorub. Çünki bu, elə bir bəla, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Möhtərəm Prezidentimiz bir daha Azərbaycan vətəndaşlarına müraciət etdi: Məsuliyyətli olun.

V.Rəhimzadə qeyd edib ki, mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır:

"Bu günlər həkimlərdən insanların sağlamlığının keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilirsə, hər bir vətəndaşa da məsuliyyətini artırmağa, nizam-intizam qaydalarına riayət etməyə çağırışlar edilməlidir. Kompleks tədbirlərin həyata keçirilməsi fonunda həm sağlamlığımızı təmin edər, həm də koronavirsun iqtisadiyyata vurduğu ziyanları aradan qaldırmaq üçün yeni inkişaf modelini tətbiq etməklə uğurlu nəticələrə nail ola bilərik. İlk gündən ölkəmizdə heç bir sosial layihənin təxirə salınmaması, insanların rahatlığının təmin edilməsi üçün biri-birindən önəmli addımların atılması diqqətdən kənarda qalmadı. Bu, Azərbaycanın möhkəm iqtisadi bazaya malik olmasının, ən əsası, iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının göstəricisidir. Hər bir çətinlikdən uğurla çıxan Azərbaycanın COVID-19-a da qalib gələcəyi barədə səslənən fikirlər dövlətimizin uğurlu siyasətinə, ən əsası insan amilinə yüksək dəyər verməsinə əsaslanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti