Bakı. Samir Əli - Trend:
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsindəki başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, sabiq başçı barədə cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rəşid Hüseynovun icraatına verilib. Yaxın vaxtlarda iş üzrə məhkəmə prosesinin vaxtı müəyyən ediləcək.
Xatırladaq ki, sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. DTX əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.