...

Bu müharibə göstərdi ki, Azərbaycanın necə mərd, igid övladları var - Topçu Vüsalın atası

Cəmiyyət Materials 13 Yanvar 2021 20:43 (UTC +04:00)
Bu müharibə göstərdi ki, Azərbaycanın necə mərd, igid övladları var - Topçu Vüsalın atası

Bakı. Samir Əli - Trend:

Bütün əsgər ataları kimi mən də oğlumun qəhrəmanlığı ilə fəxr edirəm.

Bunu Trend-ə açıqlamasında 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən əsgər, "Topçu Vüsal" kimi tanınan Vüsal Şahkərimovun atası İslam Şahkərimov deyib. O bildirir ki, Vüsalın qəhrəmanlığı ilə bağlı video yayılanda böyük qürur hissi keçirib:

"Axşam idi, zəng vurdular ki, hamı Vüsalın qəhrəmanlığından danışır. Telekanallarda videoya baxdım, gözlərim yaşardı. Sevincimin həddi-hüdudu yox idi. Dəfələrlə videonu izlədik. O gündən qəhrəman əsgər atası kimi Vüsalla fəxr edirəm. Azərbaycanın bütün əsgərləri Vüsal kimi qəhrəmanlardır. Qorxmadan düşmənin üzərinə getdilər, onları məhv elədilər və torpaqlarımızı işğaldan azad etdilər".

Əsgər atası deyir ki, Vüsal uşaqlıqdan sakit olub, dərslərini də yaxşı oxuyub: "Sənədlərini ali məktəbə verdi, universitetə daxil olsa da, ödənişli fakultəyə düşdü. Oxutmağa imkanımız olmadı. Dedi ki, əsgər gedim, qayıdım, yenidən sənəd verib qəbul olunacam. İyul ayında, ad günündən sonra hərbi xidmətə yollandı. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. İnşallah bütün hərbçilərimiz sağ-salamat ailəsinə qayıtsınlar, Vüsal da onlarla birlikdə. Bu müharibə göstərdi ki, Azərbaycanın necə mərd, igid övladları var və onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazırdırlar. Şükür ki, Ali Baş Komandanımızın qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti