...

Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır

Cəmiyyət Materials 8 May 2021 21:00 (UTC +04:00)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mən bu günə kimi 8 may tarixini hər zaman üz qarası kimi xatırlamışam, ancaq bu gün hər şey tam başqadır, bu gün Şuşa azaddır.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Ələsgərov Kazım deyib. Onun sözlərinə görə, Şuşa əsl sahiblərinə geri döndü və bir daha ondan ayrılmayacaq: “Şuşanın işğalını mən çox gözəl xatırlayıram. Çünki özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Milli Qəhrəman Ramiz Qəmbərovun özünümüdafiə batalyonunda olmuşam, könüllü olaraq döyüşlərə yollanmışdım. Bu tarixi hər zaman sanki üz qarası kimi xatırlamışam. Hər il 8 may tarixində bütün tarix göz önümdən keçirdi, ancaq bu il hər şey fərqlidir. Bu il hər birimiz sevincliyik, çünki Şuşa azaddır.

O vaxtlar Şuşa işğal olunanda ordumuz zəif idi, xalq olaraq vahid bir sistemimiz yox idi, boşluqlar var idi. İndi isə bütün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin və qüdrətli ordumuzun ətrafında toplaşdı və son nəfəsinə kimi vuruşub torpaqlarımızı azad etdi. Bu günü gördüyümüzə görə çox xoşbəxtəm, tək mən yox, damarında Azərbaycan qanı axan, ürəyi Azərbaycanla döyünən hər bir şəxs xoşbəxtdir. Ordumuz düşmənə öz yerini göstərdi, onlar uzun zaman bunu unutmayacaqlar”.

K.Ələsgərov bildirir ki, 8 noyabr tarixində Şuşanın azad olunması xəbərini eşidəndə sevincindən yüksək səslə qışqırıb: “Səsimə bütün qonşular gəldi ki, bəlkə nəsə olub. Çünki özümə söz vermişdim ki, Şuşa azad olunanda var gücümlə qışqırıb, sevinəcəm...

Bu, böyük bir qələbədir, bəlkə kimlərsə bunu başa düşməz, ancaq biz kiçik bir dövlət olaraq böyük dövlətlərə öz gücümüzü göstərdik. İndi hər kəs Azərbaycanın nəyə qadir olduğunu bilir”.

Şuşa sakini sonda qeyd edib ki, bu illər boyu bir arzusu olub - Şuşanı azad görmək: “Bu arzum yerinə yetdi. Tezliklə azad torpaqlara qayıdıb, son nəfəsimə kimi Şuşada yaşamaq istəyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti