...

Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir

Cəmiyyət Materials 23 İyun 2021 13:22 (UTC +04:00)
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir

Bakı. Samir Əli - Trend:

Ermənilər məni güllələmək istəyəndə sevindim ki, canım işgəncələrdən qurtaracaq.

Trend-in məlumatına görə, bunu bu gün Yasamal rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verən erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elşən İslamov deyib.

O bildirib ki,1997-ci ildə hərbi xidmətə çağırılıb və həmin il də əsir düşüb: "Gədəbəy rayonunda postda olarkən erməni kəşfiyyatı arxadan gəlib məni əsir götürdü. Bu zaman özümdən getdim. 1999-cu ildə Yerevanda təcridxanada idim, məni gəlib apardılar. Bir otağa saldılar, orada Mkrtiçyan Lüdvik gəlib mənimlə söhbət elədi. Dedi ki, ad, soyadını dəyişib Ermənistandaqalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Mənə bildirdi ki, Ermənistanda mənim üçün hər şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Rəssam idim, bir vərəq gətirdilər ki, erməni zabitinin şəklini çək. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.

Şahid deyib ki, ona ermənilər ağır işgəncələr verib: “Qış idi, məni əsgərlərinə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, məni yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar, aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılandan sonra Şuşa həbsxanasında olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlı var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşəndi. Betonun üstünə su tökürdülər biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəldi, gördü ki, bizim yatmağa yerimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan-döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. Geriyə dön dedilər. Döndüm bizim postumuzdur. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursun. Amma bizimkilər məni vurmadılar”.

E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa həbsxanasında işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti