Bakı. Humay Ağacanova - Trend:
2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə enerji içkilərinin minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyi həmin məhsulların qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və istehsalında istifadə olunan xammal və materiallara dair tələbləri əks etdirən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə tənzimlənir.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda, həmin içkilər də enerji içkisi sayılır.
Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilər, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilər bura şamil olunmur. Həmçinin tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.
Bununla bağlı olaraq, Agentlik öz funksional vəzifə səlahiyyətləri çərçivəsində monitorinqlər, yoxlama nəzarət tədbirləri həyata keçirir. Vətəndaşlar bu sahədə hər hansı çatışmazlıqlarla rastlaşdıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.