...

AzTV 2021-ci illə bağlı hesabat yaydı (FOTO)

Cəmiyyət Materials 31 Dekabr 2021 12:42 (UTC +04:00)
AzTV 2021-ci illə bağlı hesabat yaydı (FOTO)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC illik hesabat yayıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumatına görə, qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2021-ci ildə ümumilikdə 28 adda yeni veriliş yayımlanmağa başlayıb.

Bunlardan 12-si AzTV-nin payına düşür. Belə ki, 2021-ci ildə Azərbaycan Televiziyasındakı yeni verilişlərə nümunə olaraq hadisələrin düz mərkəzindən yayımlanan “Obyektiv”i, şəhid övladlarına diqqəti təbliğ edən “Tut əlimdən”i, türk dövlətlərinin tarixi, mədəniyyəti ilə bağlı ən incə detallara belə toxunan “Türk dünyası”nı, tanınmış aparıcılar Həmid Herisçi və İlhamiyyə Rzayevanın təqdimatında efirə gedən “Gec də olsa”nı nümunə göstərmək olar. Habelə “Sözümüz imzamızdır”, “AzTV Qlobal”, “Yolun davamı”, “Gül kimi” verilişləri də bu il AzTV-də maraqla izlənilən yeni layihələrdəndir.

AzTV-nin Bədii-sənədli filmlər studiyasında 2021-ci ildə 30 bədii-sənədli film istehsal olunub.

Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk ildönümünə də 2021-ci ildə öz töhfəsini verib. Belə ki, 44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə45 ədəd videoçarx hazırlanıb və müxtəlif resurslarda paylaşılıb.

Rayonların işğaldan azad olunmasınının ildönümü münasibətilə hazırlanmış “Oxuyur Vətən” layihəsi də zəfərimizə həsr olunub. Konsert proqramı formatında olan layihə işğaldan azad olunmuş rayonlarda çəkilir və ermənilərin vandallıqları musiqi dili ilə dünyaya çatdırılır.

Azərbaycan Televiziyasının ilboyu hazırladığı videoçarxların ümumi sayı 560-dır. Onlardan 150-si sosial sahəyə həsr olunub, maarifləndiricidir. 365-i isə COVID-19-a sutkalıq yoluxma, sağalma və vaksinasiya ilə bağlı statistik məlumatlardır.

AzTV bu il Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə bağlı mühüm işlər görüb. Televiziyanın müxtəlif departament də studiyaları dövlət başçısının doğum günü ilə əlaqədar müxtəlif sənədli filmlər hazırlayıb. Bunların sırasında “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini xüsusi vurğulamaq lazımdır. Bu filmdə dünya liderlərinin, hökumət başçılarının, nüfuzlu siyasi xadimlərin Prezident İlham Əliyevlə bağlı fikirləri yer alıb.

Bundan başqa, AzTV-də Ali Baş Komandanın doğum gününə həsr olunmuş “Prezidentin gəncləri”, “Xalqın sözü”, “100 ildə 1”, “Gənclərin sözü” kimi sənədli filmlər və videoçarxlar yayımlanıb.

Dövlət başçısının dekabr ayında Qubaya səfəri ilə bağlı hazırlanmış “Prezidentin izi ilə” adlı xüsusi reportajı da qeyd etmək yerinə düşər. Belə ki, reportajda dövlət başçısının Qubada səfər etdiyi yerlərdən detallı məlumatlar verilib.

2021-ci ildə Mədəniyyət TV-də 12 yeni layihə hazırlanıb və efirə verilib. Yeni verilişlərin sırasında “Harmoniya”, “Monotamaşa”, “İmtahan”, “Kəndimiz, “Tək adam, “Danışan məktublar”, “O”, “Bildiyiniz kimi deyil” və digərləri var.

2021-ci ildə İdman TV-də 4 adda yeni veriliş hazırlanıb. Onlara “İdman səhər”, “Sports panorama”, “İdman detektivi”, “İdman aktual” verilişləri aiddir.

Bundan başqa, il ərzində ölkə əhəmiyyətli məsələlər müxtəlif verilişlərdə müzakirəyə çıxarılıb, həlli yolları axtarılıb.

AZTV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər bu il də davam etdirilib. Belə ki, QSC ərazisində əsas efir-yayım traktı tamamilə yenilənərək optik kabelləşmə sisteminə keçirilib.

Tamamilə yenidən forlmalaşdırılmış Mərkəzi Aparat otağı, AzTV-nin efir otağı, avadanlıqların yerləşdiyi server otağı, efir-canlandırma otaqları istifadəyə verilib.

Əsas yayım traktı Full HD formatına keçirilib. Bununla da AzTV efirinin, demək olar ki, 50-60 faizi artıq HD formatında yayımlanır.

Yeni verilişlər üçün studiyalara yeni dekorasiyalar tərtib olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2022-ci ildə də iş keyfiyyətini artırmaq üçün var gücü ilə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti