...

BSU-da şəhid məzun Elnur Allahverdizadənin fotosərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2022 11:54 (UTC +04:00)
BSU-da şəhid məzun Elnur Allahverdizadənin fotosərgisi açılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elnur Allahverdizadənin fotosərgisinin açılışı olub. Fotosərgidə şəhidin “street” janrında çəkdiyi müxtəlif maraqlı süjetə malik fotoları nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov əbədiyyətə qovuşan şəhidlərimizin daim qəlblərdə yaşayacağını bildirib.

Tədbirdə iştirak edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə qeyd edib ki, şəhidlərimiz bütün dünyaya nümunə olacaq qəhrəmanlıq salnaməsi yazdılar.

Tədrisin təşkili şöbəsinin müdiri, Elnur Allahverdizadənin müəllimi olmuş Səbinə Tarıverdiyeva Elnurla bağlı xatirələrini bölüşərək, bir müəllim üçün öz tələbəsi haqqında keçmiş zamanda danışmağın ağır olduğunu dilə gətirib.

Tədbirin sonunda çıxış edən şəhidin valideyinləri tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, şəhid Elnur Allahverdizadə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

O, 2016-cı ildə BSU-nun Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti