...

Azərbaycanda sosial islahatlar paketinin tətbiqi uğurla davam edir (FOTO)

Cəmiyyət Materials 2 İyun 2022 19:46 (UTC +04:00)
Azərbaycanda sosial islahatlar paketinin tətbiqi uğurla davam edir (FOTO)

Bakı. Trend:

Son 4 ildə Azərbaycanda 3 əsas sosial islahatlar paketi reallaşdırılıb ki, bu da ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edib. Paketlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ümumilikdə 6 milyard manat vəsait ayrılıb. Bu müddətdə minimum pensiya və minimum əməkhaqqı iki dəfədən çox artıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2018-ci ildə qəbul edilmiş birinci sosial islahatlar paketi 3 milyon nəfəri əhatə edib. İslahatlar çərçivəsində 0,6 milyon nəfərin əməkhaqqı, 2,4 milyon nəfərin sosial müavinətləri artıb. Bu məqsədlər üçün dövlət büdcəsindən 1,9 milyard manat vəsait ayrılıb ki, bunun da 0,4 milyard manatı əməkhaqlarının artırılmasına, 1,5 milyard manatı isə sosial müavinətlərin artırılmasına yönəlib.

İkinci sosial paket 2019-2020-ci illəri və 2,1 milyon nəfəri əhatə edib. Bu paket çərçivəsində artırılmış əməkhaqqını 1,4 milyon nəfər, sosial müavinətləri isə 0,7 milyon nəfər alıb. Artım 2 milyard manat məbləğində maliyyələşmə hesabına əldə edilib. Bunun müvafiq olaraq 1,6 və 0,4 milyard manatı əməkhaqlarının və pensiyaların artırılmasına yönəldilib.

2021-2022-ci illəri əhatə edən üçüncü sosial islahatlar paketi 3,4 milyon ölkə vətəndaşını sevindirib. Onlardan 1,1 milyon nəfərin əməkhaqqısı artıb, daha 2,3 milyon nəfərin sosial müavinətləri artırılıb. Bu dəfə dövlət büdcəsindən ayırmalar da artaraq 2,1 milyard manat təşkil edib. Bu məbləğin 1,2 milyardı əməkhaqlarının artırılmasına, 0,9 milyardı sosial müavinətlərə yönəldilib.

Dörd il ərzində minimum əməkhaqqının səviyyəsi 2,3 dəfə - 2018-ci ildəki 130 manatdan 2022-ci ildə 300 manata yüksəlib. Orta əməkhaqqı 41 faiz - 545 manatdan 768 manata, median əməkhaqqı 85 faiz artaraq 223 manatdan 410 manata yüksəlib.

Qeyd edək ki, median əməkhaqqı iş yerlərinin sayını iki bərabər hissəyə bölən dəyərdir: əməkhaqlarının yarısı bu dəyərdən aşağı, yarısı isə bu dəyərdən yuxarı ödənilir. Məhz median əməkhaqqı ölkədə əməyin ödənilməsi sahəsində real vəziyyəti ölkədə ortalama işçinin, yəni əməkhaqqı qazanan vətəndaşların statistik göstəricilərində tam ortada bir mövqe tutan işçinin əməkhaqqı səviyyəsini daha dəqiq göstərir. Bu göstəricinin 80 faizdən çox artması, iqtisadçıların fikrincə, əhalinin maddi rifahının real artımından xəbər verir.

Ölkədə əməyin ödənişinin minimum səviyyəsinə gəldikdə, onun nəzərəçarpacaq artımı həm ümumilikdə, həm də özəl sektorda əməkhaqlarının artmasına gətirib çıxarır.

Dörd il ərzində əməkhaqqı fondu dövlət sektorunda 2 dəfədən çox, özəl sektorda isə 2,2 dəfə artıb. Əgər 2018-ci ildə əməkhaqqı fondunun ÜDM-də payı 12,7 faiz təşkil edirdisə, 2021-ci ildə bu, artıq 17,1 faiz təşkil edib. Təkcə bu ilin yanvar-fevral aylarında ölkənin əməkhaqqı fondu 8,4 faiz artıb.

İki müharibədən sonra Azərbaycan dövlətinin sosial müdafiə baxımından dünyanın əksər inkişaf etmiş ölkələrindən daha çox qayğıları var. O, digər sosial problemləri həll etməklə yanaşı, Vətən uğrunda döyüşlərdə olmuş, sağlamlığını itirmiş insanların, həlak olan qəhrəmanların ailələrinin qayğısına qalmağa borcludur. Son 4 il ərzində 93 min vətəndaşa - şəhid ailələrinin üzvlərinə, əlillərə və müharibə iştirakçılarına 104 min müxtəlif sosial müavinət təyin edilib. 200 müharibə əlili son nəsil yüksək texnoloji protezlərlə, 18 010 nəfər reabilitasiya vasitələri ilə təmin olunub. Bu kateqoriyalardan 11,2 min vətəndaş işlə təmin olunub və özünüməşğulluq proqramına cəlb olunub. 2 155 nəfər "Məşğulluq marafonu"nda iştirak edərək iş tapıb. 5 min ailəyə sosial-psixoloji yardım göstərilib, 2 475 nəfərə reabilitasiya xidməti göstərilib. 220 əlilə minik avtomobili verilib. Dövlət şəhid ailələrinin və müharibə əlillərinin mənzil problemlərinin həllini də öz üzərinə götürüb. Ötən müddət ərzində bu kateqoriyalardan olan vətəndaşlara, eləcə də əhalinin həssas qrupların nümayəndələrinə 3 500 mənzil təqdim olunub.

İşsizliyin səviyyəsinin ciddi şəkildə azalması da Azərbaycanda sosial məsələlərin uğurla həll olunmasından xəbər verir. İşsizliyin səviyyəsini 5-6 faizə endirmək mümkün olub, lakin bu nailiyyəti qorumaq üçün hər il yeni iş yerləri açmaq lazımdır. Çünki müstəqillik illərində Azərbaycan əhalisi 7 milyondan 10 milyon nəfərə yüksəlib və artmaqda davam edir.

İş yerləri açmaqla yanaşı, dövlət işsiz qalan vətəndaşlara da yardım göstərməyə çalışır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin statistikasına əsasən, dörd ildə 296 min nəfər peşə yönümlü hazırlıq tədbirlərinə, 8,5 min nəfər isə peşəkar hazırlığa cəlb olunub. 966 peşə və ixtisas standartı işlənib hazırlanıb və təsdiq edilib. Dörd il ərzində müvafiq xidmətlər tərəfindən 340 min nəfər işlə təmin olunub, 11 min nəfər işsizlikdən sığorta olunub, 694 nəfərin əməkhaqqı müştərək maliyyələşdirilib. Bu müddət ərzində 44 min vakant yer qeydə alınıb, onlardan 11 mini hələ də açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti