Bakı. Trend:
Ötən il əmək hüquqlarının pozulması halları ilə bağlı Ombudsmanın ünvanına ümumilikdə 1532 müraciət daxil olub.
Trend-in məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, şikayətlər nəzarətə götürülüb və onlardan 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib.
"İcraya qəbul edilən müraciətlərin 26 faizinin icrası təmin edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış onun işdən azad edilməsi ilə bağlıdır",- S.Əliyeva deyib.