...

BSU-da 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2022 11:18 (UTC +04:00)
BSU-da 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ETLL-nin laboratoriya müdiri, dosent Sadir Məmmədov Vətən müharibəsi zamanı Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə şahidlik etdiyini qeyd edib. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini deyib.

BSU-nun rektoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında və Şanlı Azərbaycan Ordusunun sayəsində Vətən müharibəsində nail olduğumuz zəfərdən sonra yaşadığımız şərəfli tarixdən söz açıb. Prezident İlham Əliyev istər hərb meydanında, istər diplomatik sahədə, istərsə də informasiya savaşında ən yüksək liderlik nümunəsini nümayiş etdirib.

Azərbaycan Dövləti və xalqının Vətən müharibəsi ilə öz tarixinin ən şərəfli səhifələrini yazdığını deyən rektor Anar Nağıyev Vətən müharibəsində xüsusilə gənc nəslin göstərdiyi şücaətlərə diqqət çəkərək, bu gənclərin içərisində BSU məzunlarının da olduğunu qeyd edib. Vətən müharibəsinin şəhidləri olan BSU məzunları Kənan Rüstəmli, Elnur Allahverdizadə və Nicat Şükürlünün timsalında bütün şəhidlərin Azərbaycan gəncliyi üçün həm qürur yeri, həm də nümunə olduğunu diqqətə çatdırıb.

Rektor müharibədən sonrakı dövrdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyündən söz açaraq, bu gün dirçələn, yeni inkişaf layihələrinin tətbiq edildiyi Qarabağın yenidən bərpa olunması üçün yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli müvafiq Sərəncamına diqqət çəkərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş insanların xatirələrinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr tarixinin hər birimiz üçün böyük mənəvi anlam daşıdığını qeyd edib.

BSU kollektivinin bütün üzvlərinin ölkəmizin hər gün daha da çiçəklənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “II Qarabağ savaşında Qələbənin təmin olunmasının başlıca səbəbləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Vətən müharibəsinin geosiyasi nəticələri” mövzularında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbəni təmin edən əsas faktorlardan söz açılıb, müharibədən sonrakı dövrdə beynəlxalq arenada yaranan geosiyasi reallıqların əhəmiyyətinə toxunulub.

44 günlük Vətən Müharibəsi veteranı, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş BSU-nun Tərcümə fakültəsinin tələbəsi İbrahim Abdullayev döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Humanitar və sosial elmlər fakültəsinin I tədris ili tələbəsi Həsənova Fatimə çıxış edərək Vətən müharibəsinin başlanması, Şanlı Zəfər tariximiz barəsində məlumat verib.

Tədbir Humanitar və sosial elmlər fakültəsinin II tədris ili tələbəsi Nahid Arifoğlunun təqdimatında Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti