Bakı. Trend:
Təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi müddəti artırılmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, azad edilmiş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin təməli qoyulub və eyni zamanda, Qarabağ Universiteti də tikiləcək.
B.Əliyev vurğulayıb ki, “Gömrük Tarifi haqqında” qanuna təklif edilən dəyişiklik çox az müddətdir: “Ya da azad olunmuş ərazilərdə məktəblər tikiləndən sonra bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox mühüm məsələdir”, - deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir
sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin
gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük
rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və
təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq
dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan
dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə
olacaq.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha
keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin
mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət
edəcək.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.