...

Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış olub (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2022 10:16 (UTC +04:00)
Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış olub (FOTO)

Bakı. Trend:

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,2 min şəxs aktiv məşğulluq, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev özünüməşğulluq proqramı çərçivəsində Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

44 günlük Vətən müharibəsinin şəhidi Qurbanov İsmayıl Yaşar oğlunun atası Qurbanov Yaşar Cumar oğluna ötən il özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməklə onun üçün avtoçilingərlik üzrə kiçik təsərrüfat yaradılıb.

Digər rayon sakini, müharibə veteranı Qayıblı Pərviz Şahid oğlu isə proqram çərçivəsində avadanlıqlarla təmin edilərək, onun üçün qapı və pəncərə istehsalı sexi qurulub.

Y.Qurbanov və P.Qayıblı şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərindən, kiçik təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razılıqlarını bildirib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək proqramı çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə 257 min xidmət göstərilib. Onlardan 16,2 min şəxs aktiv məşğulluq, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti