Bakı. Trend:
Məlumdur ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır. Bu gün axşam pik vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.
Bu barədə Bakı Metropolitenindən Trend-ə bildirilib.
Qeyd edilib ki, üzüyuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbinin sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb.
"Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların
idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz
təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha
uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb.
Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində
sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət
edən eskalator da qoşulub.
Ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani
göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin
təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola
bilər. Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar
gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o
cümlədən, eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica
edirik. İstifadə qaydaları, ilk növbədə, hər bir sərnişinin
təhlükəsizliyi üçündür. Onlara əməl edək", - məlumatda deyilir.