Bakı. Trend:
FHN-in Cənub Regional Mərkəzi tərəfindən Nazirliyin regionda
fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə Mərkəzin
akt zalında "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev
ideyalarına sadiqik" mövzusunda tədbir keçirilib.
Əvvəlcə, Mərkəzin əməkdaşları Azərbaycan Respublikasının dövlət
quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi
şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
abidəsi önündə gül-çiçək dəstələri qoyaraq Dahi Rəhbərin əziz
xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbirdə çıxış edən natiqlər hələ sovetlər dövründə
Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və
kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının
hazırlanmasında xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz
rolundan, gördüyü titanik işlərdən danışıblar. Xüsusi vurğulanıb
ki, məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə
davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın
ən qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə
çevrilib.
Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş
olunub.