Bakı. Trend:
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin qiymətində baş verib.
Ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.
2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib.