Cəlilabad. Trend:
İcbari tibbi sığortanın tətbiqindən sonra Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciətlərin sayı kəskin çoxalıb.
Trend-in məlumatına görə, bunu bu gün Cəlilabad rayonuna təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb: "2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni 2021 və 2022-ci illər üzrə qeyd edəcəm. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57 999-dan 122 515-ə). Son 2 il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə, 4170 cərrahi əməliyyat icra olunub”.