...

SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2023 11:35 (UTC +04:00)
SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü qeyd edilib. Tədbirdə SOCAR prezidentinin müşaviri Aygün Hüseynova, İctimaiyyətlə əlaqələr və Kommunikasiya Xidmətinin rəisi İlahə Novruzova, mətbuat katibi Orxan Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev, Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin 2 fevral - Gənclər Günü ilə bağlı gənclərə müraciətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirə açılış nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda bu gün təntənəli şəkildə qeyd olunur. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir. Rektor gənclərə səslənərək dilimizi, tariximizi dərindən öyrənməyi, onu qorumağı tövsiyə edib. BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan rektor bildirib ki, artıq dünyada brendə çevrilən SOCAR daim Azərbaycan gənclərinin inkişafına dəstək olub, bu yöndə irimiqyaslı layihələr həyata keçirib.

Çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev və SOCAR-ın mətbuat katibi Orxan Hüseynov gəncləri təbrik edib, uğurlar arzulayıblar. Onlar Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətindən bəhs edib, gənclər siyasətinin ölkəmizdə prioritet istiqamət olduğunu, gənclərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri adından SOCAR könüllüsü, Tələbə Gənclər Təşkilatının sədri, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanova çıxışında SOCAR könüllüsü olmaqdan qürur duyduğunu bildirib. Kimya mühəndisliyi ixtisasının 2018-ci il məzunu, “SOCAR Downstream”də baş mühəndis vəzifəsində çalışan Heydər Nəcəfov məzunlar adından çıxış edərək uğurlarından bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3 Vəqfinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalında qalib komandaların üzvləri, eləcə də

SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunda qalib gələn, həmçinin beynəlxalq və ölkə miqyaslı müsabiqə, yarışlarda qələbə qazanan, mükafatlara, diplomlara, sertifikatlara layiq görülən BANM tələbələri mükafatlandırılıblar.

Həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbinin 9 gənc əməkdaş və müəllim heyəti mükafatlarla təltif edilib.

Təntənəli tədbir BANM və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin musiqi nömrələri ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti