...

Ehtiyac olmadığı halda estetik və digər müdaxilələrin diş sağlamlığına zərəri nələrdir? Vinirlər haqda (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2023 11:43 (UTC +04:00)
Ehtiyac olmadığı halda estetik və digər müdaxilələrin diş sağlamlığına zərəri nələrdir? Vinirlər haqda (FOTO)

Bakı. Trend:

Pro İmplant Diş Klinikasının baş həkimi, implantoloq ağız cərrahı Dr.Emil İmanov dişlərə estetik müdaxilələr və qeyri-professional hazırlanan vinirlərdən danışıb:

Son vaxtlar gənclər, xüsusilə sağlam dişləri belə olan gənc xanımlar zirkon qapaqlar və vinirlər üçün tez-tez müraciət edirlər. Bir həkim olaraq mən pasientlərdə təbii dişlərə üstünlük verirəm. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, biz nə qədər dişlərimizə əlavə müdaxilələr etsək, bir o qədər əlavə problemlərlə qarşılaşma ehtimalı daha çoxdur. Sözsüz ki, estetikadan bəhs etdikdə, vinirlər burda ən doğru seçim olur. Amma biz bunu o vaxt etməliyik ki, həqiqətən də bizdəestetik qüsur var. Yəni, ən gözəl olanı təbii gözəllikdir. Bəzən pasient müraciət etdikdə bəmbəyaz diş istədiyini bildirir. Amma unutmayaq ki, bunun bir limiti var. Təbiətdə təbii şəkildə mövcud olmayan bir reallığı süni formada tələb etmək gərəksizdir. Bunu etmək mümkün olsa belə, kənardan həddindən artıq süni görünür. Görünüş bir yana, ehtiyac olmadığı halda bu süni görüntü üçün təbii dişlərimizi sıradan çıxarmış oluruq.

Dr.Emil İmanov qeyd edir ki, pasientlər nəzərə alsın ki, bu tip prosedurlar üçün adətən bəzi həkimlər zirkon qapaqlar tövsiyə edir, lakin bu, düzgün seçim deyil. Çünki zirkon qapaqlar üçün dişlər yonulmalıdır və hər tərəfindən minimum 1mm yaxud 1.5mm yonulub qapağa keçilməlidir. Bu təbii dişlərin məhvi, bir növ sıradan çıxması deməkdir. Çalışmalıyıq ki, görüntüdə ciddi estetik qüsurlar yoxdursa, çox ciddi müdaxilələr etdirməyək. Əgər dərin qüsurlar varsa, məsələn dişlərin çox hissəsi plomblanıbsa və ya siniri çıxmış dişlərdirsə, bu halda həkimlərin tövsiyəsi ilə ilk öncə, qapaqlardan istifadə oluna bilər.

Davamında bildirir: “Müraciətim daha çox 18-23 yaş arası xanımlaradır, əgər hansısa həkim sağlam dişlərinizi yonub əvəzinə qapaq edirsə, mən bunu düzgün hesab etmirəm və pasientlərə də tövsiyə edirəm ki, sağlam dişlərini qorusunlar, heç bir əlavə travmalar yetirməsinlər. Nə qədər görüntü ideal olsa da, bizim üçün ən əsası dişlərin sağlamlığıdır”.

Həkim eyni zamanda düzgün hazırlanmayan vinirlərin fəsadlarından da danışaraq vurğulayır ki, qeyri-professional vinirlər müxtəlif ağırlaşmalara səbəb ola bilir. Bunlar arasında ən geniş yayılanı gigiyenik ağırlaşmalar – diş əti qanaması problemləridir. Vinirlər əslində çox incə hazırlanmalıdır. Bəzi pasientlər müraciət edəndə, görürük ki, vinirlərin qalınlığı 1mm-dən daha çoxdur. Bunu diş əti nahiyəsində barmağı sürüşdürdükdə, o keçidi hiss etmək mümkündür. Əgər vinir hazırlanan dişlərdə belə çıxıntılar varsa, bu ciddi gigiyenik problem yaradır. Belə ki, həmin çıxıntılara qida qalıqları dolur, dişəti iltihabı, diş əti qanamaları və ağız qoxusu yaranmasına səbəb olur. Lakin düzgün hazırlanmış və ara hissələrində sement artıqları qalmayan, keçidləri düzgün ölçüdə olan, diş sapından sərbəst istifadəyə şərait yaradan vinir bu kimi gigiyenik qüsurlardan azad olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti