Bakı. Trend:
Azərbaycan Respublikasında qadın siyasəti ilk növbədə, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra geniş vüsət almışdır. Məhz ümummilli liderin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratdı. Respublikamızda bu sahədəki problemlərin əlaqəli surətdə, kompleks şəkildə həll edilməsi məqsədi ilə bu komitənin bazasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2006 –cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Bu gün Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi məsələsi diqqət mərkəzində saxlanılır. Bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı seçkiliyə yol verən müddəalar yoxdur və insanların fəaliyyəti cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir
Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. Azərbaycanda həyata keçirilən uğurlu gender siyasəti nəticəsində bu gün də qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutaraq müstəqil, demokratik dövlət quruculuğunda yaxından iştirak edərək ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində çalışaraq əldə olunan uğurlarımızda mühüm rol oynayırlar. Ölkədə təhsil sahəsində çalışanların 73,3%-ni, əhaliyə səhiyyə və sosial xidmət göstərənlərin 77,0%-ni, əyləncə və incəsənət sahəsinnidə çalışanların 62,5 %-ni qadınlar təşkil edir. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən 6 dəfə artaraq 5236 nəfərə çatmışdır. Bu da ümumi bələdiyyə üzvlərinin 35%-ni təşkil edir. Milli Məclisdə təmsil olunan qadınların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3%, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə hal-hazırda bu rəəqəm 18,2 % təşkil edir. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə , hazırda bu rəqəm 76 nəfərdir.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artmışdır..
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatmışdır.
Bu gün ulu öndərin siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadınların fəaliyyətinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş qadınlar yüksək mükafatlara və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata, dövlət qurumlarında rəhbər vəzifələrə daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması istiqamətində ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Milli Məclisin Sədri vəzifələri də xanımlara etibar edilmişdir.
Milli Məclisin deputatı
Rauf Əliyev