...

Azərbaycan xalqı artıq 3-cü ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir – Afət Həsənova

Cəmiyyət Materials 16 Mart 2023 12:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə qeyd edib. Novruz bayramı təbiətin oyanması və yeniləşməsinin rəmzidir. Azərbaycan xalqı Novruz bayramını dörd həftə əvvəldən, yəni hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi olmaqla qeyd edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Novruz bayramı qədim adət-ənənələrlə, oyunlarla zəngindir. ““Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruz bayramı eyni zamanda sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar”, - deyə o qeyd edib.

A.Həsənova vurğulayıb ki, çox sevindirici haldır ki, Azərbaycan xalqı artıq 3-cü ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir və bu da xalqmızın sevincinə sevinc qatır.

“30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan xalqımızın ürəyində bir nisgil var idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.

Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa şevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

“28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Eyni zamanda 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti