Bakı. Trend:
Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransında qeyd edilib.
Bakı Konqres Mərkəzində baş tutan konfransda Azərbaycan Könüllü
Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə
fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş
işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanlandığı
sualları cavablandırıb.
Qeyd edilib ki, Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyəti bir
ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı
gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının “Bir yumruq,
bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə
zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət
ediblər.
Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində
zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün
tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli
sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri
humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən
uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar
üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə hər
bir anda könüllülərimiz on minlərlə yardıma ehtiyac duyan qardaş və
bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib.
Bildirilib ki, könüllülərimiz koordinasiyalı şəkildə fəaliyyət
göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də
Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ
qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə
yetiriblər.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli
sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək
qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib
Erdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və
xalqına təşəkkür edib. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud
Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman
Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar
Şurasının sədri Sümeyye Ərdoğan, “Baykar Makine” şirkətinin texniki
direktoru Selçuk Bayraktar, habelə millətvəkilləri, valillər və
tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış
olub, gənclərimizə təşəkkürlərini çatdırıb. Gənclərimizin
zəlzələdən zərərçəkmiş bölgələrdə xidməti müddətində Azərbaycan
könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli
rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki
fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli
missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş
ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.
Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra
orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan
könüllüləri olub. Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin
həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə
humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü
fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ
bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə
yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək,
zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin
Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə
rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət
və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük
hərəkatı artıq daha geniş imkanlara sahibdir.