...

Bakı Slavyan Universitetinin keçmiş rektoru məhkəmədə ifadə verib

Cəmiyyət Materials 3 Aprel 2023 11:31 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə məcburi gətirilən BSU-nun sabiq rektoru Nurlana Əliyeva ifadə verib.

O bildirib ki, rektor olduğu vaxtda universitetin səfirlikərlə güclü əlaqələri olub:
"Təmir zamanı universitetin muzeyi quruldu. Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. 1 kompüteri olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlə təmin olundu. Mən haqqımda səsləndirilən ittihamlarla razı deyiləm. Mən heç vaxt universitetin büdcəsinə əl atmamışam. Mən Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı bir başa sistemə oturdulurdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Pandemiya dövründə ödəmələr azaldı, çünki tələbələr onlayn şəkildə təhsil alırdılar. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə universitetdən qovulsun. Tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilirdi. Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə qiyabi təhsil alan tələbə var idi".

Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, iş üzrə 123 tələbə 226 min 960 manat mülki iddia qaldırıb: "123 tələbədən 95-i məhkəmədə ifadə verərək bildirib ki, universitetin daxilində olan ödəmə terminalı işləmirdi. Bu səbəbdən onlar ödənişləri bir çox hallarda dekanlığa yaxınlaşıb nağd şəkildə ödəyirdilər.

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti