Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, mayın 2-3-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi, o cümlədən 7 aptek və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 23 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 7 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.