...

Bakı Slavyan Universitetinin “Məzun günü” keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2023 22:28 (UTC +04:00)
Bakı Slavyan Universitetinin “Məzun günü” keçirilib (FOTO)

Bakı. Trend:

Su İdmanı Sarayının Avropa oyunları parkında Bakı Slavyan Universitetinin (BSU) IV kurs tələbələrinin “Məzun günü” keçirilib.

BSU-dan Trend-ə bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan BSU-nun rektoru Anar Nağıyev tədbirə mindən çox məzun, müəllim və tələbənin toplaşdığını bildirib. BSU-nun yaranmasından söz açan rektor məzunların uğurlarının universitetin inkişafı üçün mühüm rol oynadığını deyib. 2023-cü ilin "Heydər Əliyev İli" olduğunu deyən rektor Ulu Öndərin hər zaman elm və təhsil siyasətinə xüsusi diqqətlə yanaşdığını bildirib. Məhz Ümummilli Lider Heydər Əliyevin minlərlə azərbaycanlı gəncin dünyanın top universitetlərində təhsil almaq üçün imkan yaratdığını deyən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən davamı etdirildiyini, bu gün də gənclərin müxtəlif dövlət proqramları ilə xaricdə təhsil aldığını deyib.

Bildirilib ki, BSU-da ali təhsilin üç səviyyəsi üzrə 4800 tələbə təhsil alır və 2022-2023-cü tədris ilindən etibarən 7 yeni ixtisas açılıb. BSU-nun məzunlarından Vətən müharibəsində iştirak edən Nicat Şükürlü, Elnur Allahverdizadə, Kənan Rüstəmli şəhidlik zirvəsinə ucalıblar. Rektor 2020-ci ildə dünyanı sarmış pandemiyada ölkəmizin təhsil sisteminin və bu kontekstdə BSU-nun adekvat qərar verən ali təhsil müəssisələrindən biri olduğunu xatırladıb, keyfiyyətin təminatı və səriştə əsaslı kadrların hazırlanmasında yeni məzmunun yaradılması üçün əsaslı islahatlar aparıldığını qeyd edib. O, universitetdə inklüziv təhsil üzrə işlər aparıldığını vurğulayıb.

BSU-nun bir dəyər olduğunu deyən rektor gözəl, qüdrətli ölkədə yaşayan məzunlara uğurlar arzulayaraq, həyatda layiqli yer tutacaqlarına əminliyini bildirib.

Məzunları təbrik edən gənclər və idman naziri Fərid Qayıbov BSU-nun ölkə hüdudlarından kənarda da tanındığını bildirib. Nazir məzunlara qalib xalqın gəncləri olaraq həmişə qalib olmağı arzulayıb.

Türkiyənin Türk-Alman Universitetinin rektoru Cemal Yıldız dəvətə görə təşəkkür edib. O, Azərbaycana səfərinin məqsədinin BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə keçirilən "Alman və Azərbaycan ədəbiyyatı mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumda iştirak olduğunu və bu tədbir çərçivəsində iki universitet arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Rektor məzunların ailənin, müəllimlərin və dövlətin dəstəyi ilə böyük uğura imza atdıqlarını deyərək onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış televiziya aparıcısı, diktor BSU-nun 1983-cü il məzunu Nailə İslamzadə belə əlamətdar gündə iştirak etməkdən və müəllimləri ilə bir daha görüşməkdən məmnun olduğunu deyərək xatirələrini bölüşüb.

BSU-nun 2023-cü il məzunu Əfsanə Allahverdiyeva belə əhəmiyyətli tədbirdə ona çıxış imkanı verildiyi üçün təşəkkür edib. O, BSU ailəsinin bir üzvü olmasından sevinc hissi keçirdiyini və özünü çox şanslı hesab etdiyini bildirib.

Sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar fəxri fərmanlarla təltif ediliblər.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti