Bakı. Trend:
Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Trend İradə Axundovayla müsahibəni təqdim edir:
- İradə xanım, ilk öncə bilmək istərdik ki, tütün asılılığı hansı xəstəliklərin yaranma riskini artırır?
- Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara
ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına
görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər
səbəbindən bir nəfər dünyasını dəyişir.
Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır.
Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət,
qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər.
Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas
səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də
tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız
boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng
xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri:
ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın
aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə,
tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv
xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda,
tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən
çoxdur.
Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik
xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların
xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və
dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların
yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən
çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.
- Hamilə qadının tütün asılılığı doğulacaq körpədə hansı fəsadlara səbəb ola bilər?
- Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur.
- Passiv siqaret çəkənlər hansı xəstəliklərdən əziyyət çəkirlər?
- Tibdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı,
tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də
zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin.
Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin
göstərilməsi tələb olunur.
Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün
yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə)
nəfəs yolları ilə qəbul edilməsidir.
Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları
ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş
verir, lakin açıq havada da baş verə bilər.
Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun
müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs
alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr
məkandakı əşyaların müxtəlif səthlərində qala bilər.
Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək
kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı
duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan
siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan.
Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər
sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq
iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s.
müşahidə olunur.
- Siqareti tərgitdikdən neçə müddət sonra orqanizmdə müsbət yönümlü dəyişikliklər hiss olunur?
- Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin
yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır.
Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən
və intensivliyindən asılıdır.
Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı
mərhələlərlə başlayır:
• İlk 20 dəq ərzində qan təzyiqi normallaşır;
• 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard
infarktı riski azalır;
• 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir;
• 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi
yüksəlir;
• 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat
tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır;
• 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50%
azalır;
• 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski
siqaret çəkməyənlərlə eyni olur.
