...

V qrup üzrə ixtisas seçimində 4004 plan yeri nəzərdə tutulur - DİM

Cəmiyyət Materials 28 Avqust 2023 12:15 (UTC +04:00)
V qrup üzrə ixtisas seçimində 4004 plan yeri nəzərdə tutulur - DİM
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 1195 və rus bölməsi üzrə 125, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2684 olmaqla cəmi 4004 plan yeri nəzərdə tutulur. 1597 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

V ixtisas qrupuna aid olan dizayn ixtisasına qəbul iki yolla həyata keçirilir. Qabiliyyət imtahanının nəticəsi tələb olunmayan dizayn ixtisasına aid 350 yer V qrup üzrə verilmiş ümumi plan yerlərinin sayı DİM-in nəşr etdiyi “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada öz əksini tapıb. Dizayn ixtisası üzrə qəbul zamanı qabiliyyət imtahanının nəticəsi tələb olunmayan təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir.

Qeyd edək ki, bu il V qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) qəbul imtahanının birinci mərhələsində (cari ilin abituriyentləri üçün buraxılış imtahanında) ümumi balı 60-dan (xoreoqrafiya sənəti ixtisası üzrə 30 baldan) az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti