...

Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrikin mənbəyinə dair sertifikat veriləcək

Cəmiyyət Materials 30 Sentyabr 2023 15:04 (UTC +04:00)
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrikin mənbəyinə dair sertifikat veriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası və forması təsdiq edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın elektron qaydada verilməsinin təşkili məqsədilə zəruri tədbirlər görəcək.

Bu Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Bu Qaydanın tələbləri bərpa olunan enerji mənbələrindən elektrik enerjisini istehsal və ya istehlak edən şəxslərə şamil edilir.

Sertifikat Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən ərizəçinin müraciəti əsasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən generasiya qurğularına baxış keçirilməklə verilir.

Ərizəçi Sertifikatın alınması üçün BOEMDA-ya yazılı ərizə ilə müraciət edir.

Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş məlumatlar göstərilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

-. ərizəçi hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, VÖEN-i;

-. ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti;

-. ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

-. ərizəçi ailə kəndli təsərrüfatı olduqda – ailə kəndli təsərrüfatının uçotu haqqında sənədin surəti, təsərrüfat üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

-. generasiya qurğularının texniki xüsusiyyətlərini təsdiq edən sənədlərin surəti, elektrik şəbəkəsinə qoşulma aktı və şəbəkə operatoru ilə istehsalçı arasında bağlanılmış elektrik enerjisinin alqı- satqı müqaviləsinin surəti;

-. dövlət ekoloji ekspertizası rəyinin surəti (gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyaları və gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarına (külək generatorları parkları) münasibətdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə dair);

-. istehsalçı tərəfindən istehsal olunmuş və şəbəkəyə ötürülmüş elektrik enerjisinin sayğac göstəricisini təsdiq edən sənədlərin surəti;

-. istehsalçı ilə istehlakçı arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin surəti (istehlakçılar üçün);

-. enerji təchizatı müəssisəsindən alınan elektrik enerjisinin miqdarını təsdiq edən sayğac göstəricisinin surəti (istehlakçılar üçün).

BOEMDA bu Qaydada qeyd olunan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının (qurumların) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı halda, həmin sənədlər “İnzibati icraat haqqında” qanuna uyğun olaraq əldə edilir.

Sertifikat Azərbaycan Respublikası Nazirlər Kabineti

tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq bərpa olunan enerji mənbələrindən elektrik enerjisini istehsal və ya istehlak edən şəxslərə verilir.

Sertifikatda aşağıdakı məlumatlar əks olunur:

-. Sertifikatın adı;

-. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi;

-. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və

VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat ünvanı;

-. bərpa olunan enerji mənbəyinin növü;

-. bərpa olunan enerji mənbəyindən istehsal olunmuş elektrik enerjisinin miqdarı (istehsalçılara münasibətdə);

-. bərpa olunan enerji mənbəyindən istehlak olunmuş elektrik enerjisinin miqdarı (istehlakçılara münasibətdə);

-. qarşısı alınmış karbon qazı tullantılarının miqdarı;

-. BOEMDA-nın səlahiyyətli şəxsinin soyadı, adı və imzası; -. BOEMDA-nın elektron imzası.

Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin

tələb olunmasına yol verilmir.

BOEMDA Sertifikatın verilməsi üçün ərizəçi tərəfindən

təqdim olunmuş ərizəni qəbul edir və həmin gün qeydiyyata alır. BOEMDA Sertifikatın verilməsi üçün ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydada qeyd edilən siyahıya uyğunluğunu və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularına münasibətdə həmin qurğular üçün istismara buraxılış aktının mövcudluğunu yoxlayır.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumatı ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydada nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Ərizəçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydada qeyd olunan müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

Sertifikatın alınmasına dair ərizənin qəbul edilməsindən sonra 15 (on beş) gün ərzində ərizədə qeyd olunmuş generasiya qurğularına baxış keçirilir və baxışın nəticəsi BOEMDA-nın baxış aktı ilə rəsmiləşdirilir.

Baxış zamanı müəyyən edilmiş texniki göstəricilərin qurğunun texniki pasportunda göstərilənlərlə uyğunluğu və bütövlükdə qurğunun yenə də texniki pasportda göstərilən istehsal gücünə uyğun olaraq enerji istehsalı təsdiq edildikdə ərizənin qeydiyyatından sonra 30 (otuz) gün ərzində sertifikat verilir. Baxış keçirilməsi zamanı bu Qaydada göstərilən hallar aşkar edildikdə, Sertifikatın verilməsindən imtina edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

Sertifikat ödənişsiz olaraq 5 (beş) il müddətinə verilir.

Sertifikatın alınması üçün Ərizəçi tərəfindən təqdim edilən sənəd və məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir.

Sertifikatın verilməsindən imtina haqqında qərardan inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət edilə bilər.

Sertifikatda göstərilən məlumatlarda dəyişikliklər olduğu hallarda, ərizəçi həmin dəyişikliklərin baş verdiyi gündən 30 (otuz) gün ərzində BOEMDA-ya Sertifikatın yenidən rəsmiləşdirilməsi üçün yazılı ərizə ilə müraciət etməlidir.

bu Qaydada nəzərdə tutulan ərizədə Sertifikatda dəyişikliklərin edilməsi zərurəti əsaslandırılmalı və göstərilən hallar üzrə təsdiqedici sənədlər təqdim edilməlidir.

BOEMDA tərəfindən Sertifikatda dəyişikliklər edilməsi ilə bağlı ərizə daxil olduğu gündən 15 (on beş) gün ərzində araşdırma aparılır və ərizəçiyə dəyişikliklər edilmiş Sertifikat və ya ərizədə göstərilmiş dəyişikliklərin edilməsindən imtina barədə rəsmi məlumat sifarişli poçt vasitəsilə göndərilir.

Bu Qaydada qeyd edilən sənədlər təqdim edilməklə Sertifikat aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

- Sertifikatın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

- Sertifikatın sahibi olan hüquqi şəxsin adı və ya hüquqi ünvanı dəyişdikdə;

- Sertifikatın sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat və ya fəaliyyət ünvanı dəyişdikdə.

Sertifikat zədələndikdə və yaxud itirildikdə, ərizəçi Sertifikatın dublikatının verilməsi ilə bağlı BOEMDA-ya yazılı ərizə ilə müraciət edə bilər. BOEMDA həmin ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində Sertifikatın dublikatını (üzərində “dublikat” qeydi aparılmaqla) ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

Sertifikat aşağıdakı hallarda ləğv edilir:

- bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı dayandıqda və sertifikat sahibinin istehsal fəaliyyətinə xitam verildikdə;

- Sertifikat sahibinin müraciəti əsasında;

- Sertifikat sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə.

Sertifikatın ləğv edilməsi barədə məlumat BOEMDA tərəfindən ərizəçiyə 5 (beş) iş günü ərzində təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti