Bakı. Trend:
Cari ilin 7 oktyabr tarixində respublikada fəaliyyət göstərən
hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri
birləşdirən Azərbaycan Respublikası Məhkəmə Hakimləri
Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və
İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinin Ümumi
yığıncaqları keçirilib.
Trend-in məlumatına
görə, tədbirdən öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin
xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri
qoyulub. Sonra hakimlər Şəhidlər xiyabanını ziyarət edərək,
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman
Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi
məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən
sonra konfrans öz işinə başlayıb.
Konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa
etməklə, xalqımıza böyük qələbə sevincini yaşadan Dövlət başçısı və
müzəffər Ali Baş komandan möhtərəm cənab İlham Əliyevə, qəhrəman
əsgər və zabitlərə sonsuz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları
İttifaqının sədri Ramiz Rzayev açılış nitqində son illər həyata
keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatları haqqında məlumat
verərək, hakimlərin ictimai birliklərinin bu işlərə daim dəstək
verdiklərini bildirib. Hakimlər Assosiasiyalarının qanun aliliyinin
təmin olunması və ədalət mühakiməsinin həyata keçirilməsi,
hakimlərin və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi
və nüfuzunun qorunması, məhkəmə-hüquq islahatlarının dərinləşməsi
və hakimlərin sosial problemlərinə dəstəyin göstərilməsi
istiqamətində həyata keçirdiyi fəaliyyətinin səmərəliliyinin
artırılması məqsədi ilə mövcud 3 təşkilat əsasında respublikada
fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə
çıxmış şəxsləri birləşdirən bir ictimai birliyin təsis edilməsinin
zəruriliyini vurğulayıb.
Daha sonra Ümumi yığıncaq işinə davam edərək, mövcud ictimai
birliklərin yenidən təşkili qaydasında Azərbaycan Respublikasının
Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni
qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları
formalaşdırılıb.
Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə
keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və
Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov,
Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva,
Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay
Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş
Komissiyasının üzvləri seçilib.
Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət
göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris
və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının
müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis
edilib.